Maşında yanan işıqlar sürücülər üçün narahatlıq yarada bilər. Amma bu tam normal bir haldır. Hətta daha yaxşıdır Bu siqnallar avtomobilinizin sizə "danışma" üsuludur və onları başa düşmək həm təhlükəsizliyiniz, həm də avtomobilinizin uzunömürlülüyü üçün həyati əhəmiyyət daşıyır. Bəs qırmızı, sarı və ya yaşıl işıqlar nə deməkdir? Bu bələdçidə biz ən vacib xəbərdarlıq işıqlarını, onların mənasını və bir işıq yandığı zaman hansı addımları atmağınızı ətraflı izah edəcəyik.
Avtomobillərdə yanan işıqların bizə demək istədikləri fərqli ola bilər. Bu işıqların hansı hissədən xəbər verdiyini bilmək üçün isə onun üzərindəki işarəyə baxmaq və maşındaki işıqların rənglərinin xaraktersitikasına hakim olmaq lazımdır. Gəlin bu işıqlara yaxından baxaq.
Elektrik sistemi ilə bağlı nasazlıqlar özünü akkumulyator işığının yanması ilə büruzə verir. Bu işıq yalnız akkumulyatorun boşaldığını deyil, həm də alternatorun onu doldurmadığını göstərə bilər. Alternator işləmirsə avtomobil yalnız akkumulyator tam boşalana qədər işləyir və bu da maşının yolda dayanması ilə nəticələnir. Bəzən alternator kəmərinin qırılması, naqillərdə qısaqapanma, kontaktların oksidləşməsi və ya akkumulyatorun ümumiyyətlə köhnəlməsi də bu işığın yanmasına səbəb olur. Belə vəziyyətdə avtomobilin elektrik gücləndiricili sistemləri – sükan və əyləc də zəifləyə bilər ki, bu da sürücülük üçün olduqca təhlükəlidir.
Mühərrik xəbərdarlıq işığı sarı rəngdə göründükdə, bu adətən mühərrikin idarəetmə sistemində nasazlıq olduğuna işarə edir. Problem oksigen sensorunun sıradan çıxması, katalizatorun funksiyasının zəifləməsi, hava axını sensorunun nasazlığı və ya yanacaq qarışığının düzgün olmaması kimi müxtəlif səbəblərdən qaynaqlana bilər. Bu hallarda mühərrik gücünü itirə, yanacaq sərfiyyatı arta və daha ciddi nasazlıqlar yarana bilər. Ona görə də bu işığı uzun müddət görməzdən gəlmək böyük təmir xərclərinə gətirib çıxarır.
Avtomobildə ən təhlükəli xəbərdarlıqlardan biri yağ təzyiqi işığıdır. Gördüyünüz bu qırmızı simvollu işıq yanıbsa, bu artıq mühərrikdə yağ dövranının pozulduğunu göstərir və belə vəziyyətdə sürüşə davam etmək çox böyük risk daşıyır. Yağ səviyyəsi aşağı düşdükdə və ya yağ pompası işləmədikdə mühərrikin hissələri birbaşa sürtünməyə başlayır, həddindən artıq qızma baş verir və nəticədə mühərrik tamamilə sıradan çıxa bilər. Bəzən problem yağ təzyiqi sensorunun nasazlığı da ola bilər, lakin hər halda avtomobili dərhal dayandırıb vəziyyəti yoxlamaq mütləqdir. Vaxtında müdaxilə edilməzsə mühərrikin kilidlənməsi kimi ən ağır nəticələr qaçılmaz olur.
ABS xəbərdarlıq işığı isə əyləc sistemindəki elektron təhlükəsizlik modulunun işləmədiyini göstərir. ABS sistemi təkərlərin bloklanmasının qarşısını alaraq təhlükəli şəraitdə maşının idarəetməsini asanlaşdırır. Bu işığın yanması həmin funksiyanın deaktiv olduğu anlamına gəlir. Adətən problem təkərlərin yanında yerləşən ABS sensorlarının çirklənməsi və ya sıradan çıxması, kabel qırığı, əyləc mayesinin azalması və ya ABS modulunda nasazlıq səbəbindən yaranır. ABS işığı yanarkən avtomobil hərəkət edə bilər, lakin sürüşkən yollar, yağış və qar şəraiti təkərlərin daha tez bloklanmasına və idarəetmənin çətinləşməsinə gətirib çıxardır. Buna görə də bu xəbərdarlıq yüngül görünsə də, vaxtında aradan qaldırılması çox vacibdir.
Temperatur, yəni qızma işığının yanması isə mühərrikin həddindən artıq isinməsi deməkdir və bu da ən ciddi siqnallardan biridir. Antifriz səviyyəsinin aşağı olması, radiatorun tıxanması və ya sızdırması, termostatın ilişməsi və ventilyatorun işləməməsi mühərrikin qısa müddətdə normadan artıq qızmasına səbəb olur. Əgər sürücü bu xəbərdarlığı nəzərə almadan hərəkəti davam etdirirsə, mühərrik başlığında çatlar yarana, piston və silindrlər zədələnə və nəticədə mühərrik çox yüksək xərclə yenilənməli ola bilər. Qızma işığı yanıbsa mühərriki dərhal dayandırmaq və soyumasını gözləmək lazımdır.
Göründüyü kimi, avtomobildə yanan hər bir xəbərdarlıq işığının arxasında mühüm bir səbəb dayanır və onların heç biri təsadüfi deyil. Bu işıqlar sürücüyə maşının içində görünməyən, amma həyati əhəmiyyət daşıyan proseslər haqqında məlumat verir. Vaxtında tədbir almaq həm təhlükəsizlik, həm də gələcək xərclərin qarşısını almaq baxımından olduqca önəmlidir.
Qırmızı işıq kritik təhlükə bildirir. Adətən mühərrik, yağ, temperatur və əyləc sisteminə bağlıdır. Bu işıqlardan biri yansa, avtomobili dərhal dayandırmaq məsləhətdir.
Bu işıqlar qırmızı qədər təhlükəli olmur. Amma yenə də diqqət tələb edən vəziyyətlər məhz sarı işıqla bildirilir. Mühərrik işığı, təkər təzyiqi işığı və bəzi sensor xəbərdarlıqları bu qrupa daxildir.
Bu işıqlar avtomobilin müəyyən funksiyalarının aktiv olduğunu bildirir. Məsələn, uzaq işıqlar (mavi), kruiz-kontrol (yaşıl) və s. Bu rəngdə olan işıqlar isə çox da qorxulu bir problemin xəbərçisi deyil.
Maşın işıqları yanılı vəziyyətdədirsə, xüsusən bu işıqlar sarı və qırmızı rəngdədirsə artıq bu önəmli bir haldır. Bu zaman getməli olduğunuz əsas həll yolu isə maşında yanan işığın haradan qaynaqlandığını bilmək və daha sonra müvafiq problemi həll edə biləcək mütəxəssisə yaxud servisə yaxınlaşmaqdır.
Maşınlarla bağlı daha çox məlumat almaq, maşın elanları və ya ehtiyat hissələri axtarırsınızsa, Maşın.az olaraq biz sizə bu imkanı yaradırıq. İndi sayta keçid edin, bütün fürsətlərdən yararlanın.
Təklif olunan bloq - https://www.masin.az/bloq/antifriz-nedir
Telefon və ya e-poçt ilə daxil olun
Davam etməklə, avtomatik qeydiyyat və ya giriş edəcəksiniz
Göndərilən təsdiq kodunu daxil edin